Рейтинг@Mail.ru

Oxunub : 1052 | Tarix : 16-09-2016, 12:04 | Bölmə: bolge

Referendum qabağı Masallıda müəllimlər etiraza başladı - AKSİYADünən rayon Təhsil Şöbəsinin qarşısına yığışan müəllimlər Tariyel Əkbərovun özbaşınalıqlarına etirazlarını bildiriblər

Çox güman ki, qəzetimizin dünənki sayında dərc olunmuş “Masallı məktəblərində “siftə” yığımı” başlıqlı məqalə ilə tanış olan oxucularımız, ardıcıl iki gün bu mövzuya müraciət etməyimizə bir qədər təəccüblənəcəklər. Amma məsələ bundadır ki, bu gün Masallının təhsil sistemində cərəyan edən proseslərlə bağlı hadisələr olduqca sürətlə inkişaf edir. Bu səbəbdən də, məhz elə oxucularımızı ən son baş verən hadisələrdən xəbərdar edə bilmək üçün, məlumatları gündəlik yeniləmək qərarına gəldik.

Artıq xəbər verdiyimiz kimi, uzun müddətdən bəri redaksiyamıza daxil olan məlumatlarda Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti barədə açıqlamalar yer almaqdadır. Daxil olan müraciətlərdə Masallı sakinləri rayonun təhsil sistemində dərin kök salmış korrupsiya hallarından narazılıqlarını ifadə edirlər. Açıqlamalarda isə iddia olunur ki, Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov tərəfindən hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əmək haqqlarına əl qoyulması, rayonda fəaliyyət göstərən məktəblərin işinə yersiz müdaxilələr edilməsi bir çox xoşagəlməz nəticələrə səbəb olur. Həmçinin bizimdovr.az-a təqdim olunan açıqlamalarda Tariyel Əkbərovun hələ ötən tədris ilinin sonlarına yaxın, Masallı məktəblərində müqavilə üzrə işləyən müəllimlərə qarşı irəli sürdüyü ultimatumdan bəhs edilirdi. Bu xüsusda aldığımız açıqlamalarda qeyd olunmuşdu ki, RTŞ-nin rəhbərliyi əmək müqavilələrini yeniləmək niyyətində olan müəllimlərdən 1000-2000 manat arası (tədris etdikləri dərs saatlarının sayına müvafiq olaraq) ödəniş etmələrini tələb edib.

Dünən redaksiyamıza daxil olmuş son məlumatlarda da, məhz Tariyel Əkbərovun bu özbaşınalığının səbəb olduğu fəsadlardan bəhs edilir. Mənbə bildirir ki, yay tətili dövründə rayonun təhsil müəssisələrində bu məsələ ilə bağlı “nisbi sakitlik” hökm sürüdü. Müəllimlərin böyük əksəriyyəti belə düşünürdü ki, yeni dərs ilinin ilk günlərində artıq yeni əmək müqavilələri də bağlanacaq. Lakin son iki gündə Tariyel Əkbərovun özünün pul tələblərində tam ciddi olduğu və israr etdiyi məlum olub. Bundan sonra, Masallı məktəblərində dərs deyən müəllimlər bir yerə yığışaraq, rayon təhsil şöbəsinin binası qarşısına gəliblər. Burada isə, Tariyel Əkbərovun qanunsuz pul tələblərinə öz etirazlarını bildirən müəllimlər, əmək müqavilələrinin yenilənməsini tələb ediblər. Redaksiyamıza açıqlama verən mənbə qeyd edir ki, aksiyaya toplaşan müəllimlərin böyük əksəriyyəti artıq uzun illər rayonun müxtəlif məktəblərində dərs deyən təcrübəli müəllimlərdir. Lakin Tariyel Əkbərov nə müəllimlərlə görüşməyi, nə də onlara hər hansı izahat verməyi lazım bilməyib. Bunun əvəzində isə, RTŞ müdiri hər ehtimala qarşı müəyyən “təhlükəsizlik tədbirləri” görüb. Belə ki, Tariyel Əkbərov Samir adlı bir qohumunu (öz bacısının həyat yoldaşını) şöbəyə gətirərək, onu binanın girişində əyləşdirib. Mənbə deyir ki, şöbə müdirinin rəyincə Samirin idmançılara xas olan boy-buxunu və əzələli bədən quruluşu müəllimləri öz etirazlarını daha kəskin formada ifadə etməkdən çəkindirməlidir...

Yeri gəlmişkən, dünən dərc etdiyimiz məqalədə Tariyel Əkbərovun yeni tədris ilinin başlanması münasibətilə Masallı məktəblərinin direktorlarından hərədən 50 manat olmaqla “siftə” yığıdığı da qeyd olunmuşdu. Mənbə bildirir ki, müəllimlərin dünənki etiraz aksiyasını dəstəkləyənlər arasında məktəb direktorları da az olmayıb.

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.
Oxşar xəbərlər