Рейтинг@Mail.ru
Tarix : 15-07-2017, 16:00 | Bölmə: cemiyyet

Baş prokuror Nabrandakı faciəni nəzarətə götürdü

10 yaşlı uşağın boğulmasını nə üçün görən olmayıb?

Ötən gün Nabranda – “Atlant” istirahət mərkəzində 10 yaşlı uşağaın ölüm faktı ilə bağlı CM-nin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi açılıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, baş prokuror Zakir Qaralov bu ölüm faktının xüsusi nəzarətə götürüb və faktın ciddi araşdırılması tapşırığını verib.

Xatırladaq ki, ailəvi istirahətə gələn Bədirovların Nabranın məşhur "Atlant"ında dincəlmələri faciə ilə nəticələnib. 10 yaşlı Nihat Xəyal oğlu Bədirov bu istirahət mərkəzindəki açıq hovuzda çimərkən nəzarətsizlikdən boğularaq ölüb. Uşağın ölümündən, boğulub haray-həşir salmasından heç kimin xəbəri olmayıb. Ata Xəyal Bədirov Nihatın meyitini hovuzun dibində tapıb.

İstiPress-in məlumatına görə, istintaq zamanı məktəblinin ölüm səbəbləri ciddi araşdırılacaq, mərkəzin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət veriləcək.

Faciəni hovuzun yanında xilasedicilərin, təhlükəsizlik xidməti işçilərinin olmaması, gur səsdə verilən musiqinin səsindən ağız deyəni qulağın eşitməməsi, hovuzdakılara daimi nəzarətin olmaması qaçılmaz edib.

Qeyd edək ki, bu "Atlant"istirahət mərkəzində baş verən ilk faciə deyil. 2006-cı ilin avqust agında bu turizm obyektində istirahət edən Sumqayıt sakini, məcburi köçkün olan Ramin adlı şəxs həyat yoldaşı ilə mübahisədən sonra özünü burdakı həsir çətirdən asaraq intihar etmişdi.

2013-cü il iyul ayının 21-də Nabrandakı eyni adlı mərkəzdə hovuzda çimən 3 yaşlı İmran Cəfərzadə nəzarətsizlik və məsuliyyətsizlik nəticəsində yaralanaraq 1 ayağını itirmişdi.

Ümumiyyətlə bu yay mövsümündə istirahət mərkəzlərində təhlükəsizlik qaydalarına ciddi riayət olunmaması artıq bir neçə ölüm faktının meydana çıxması ilə nəticələnib. Bənzər hadisə bir neçə gün öncə ismayıllıda da baş verib. Hovuzda çimən iki nəfəri elektrik cərayanı vuraraq öldürüb.

Təəssüf ki, turist cəlb etmək üçün dəridən -qabıqdan çıxan, endirim adından istifadə etsə də, qiymətləri od tutub yanan mərkəzlərdə insan təhlükəsizliyinə xüsusi nəzarət mövcud deyil.
Oxşar xəbərlər