Рейтинг@Mail.ru
Oxunub : 1137 | Tarix : 12-05-2016, 02:21 | Bölmə: Flash, bolge, secilmis

Babı icra başçısının “qara dosye”si - Ağcabədi xanının dünəni və bu günüAzərbaycan rayonlarının icra başçıları bir neçə kateqoriyaya bölünür:
1. Qurucu icra başçıları-Az saylı olmalarına baxmayaraq, təyin olunduqları ərazilərdə quruculuq işlərinə önəm verənlər.
2. Ölü icra başçıları- necə gəlib-getdiyi bəlli olmayanlar.
3. Dağıdıcılar- Əlavə şərhə ehtiyac yoxdur.
Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov daha çox üçüncü kateqoriyaya aid edilsə də, onun məşhurluğu bu kateqoriyanın daha üst sinifinə aid olduğunu göstərir. Belə ki, Şahin Məmmədovla bağlı internet resurslarında axtarış verərkən, müsbət bir məqam tapmaq üçün uzun-uzadı araşdırmaq gərəkir. Lakin “adam döyən icra başçısı”, “dəmir satan”, “korrupsioner” və s. kəlimələri axtarış verdikdə, Şahin Məmmədovun adı ilk sırada gəlir. Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovla bağlı cumhuriyyet.az olaraq media və internet resurslarında yer alan və rəsmən təkzib olunmayan məlumatlar əsasında apardığımız araşdırmalar zamanı ortaya çıxanlar da kifayət qədər ilgincdir. Həmin faktlara keçməzdən öncə “Şahin Məmmədov kimdir?” sualına icra başçısının bioqrafiyası əsasında cavab tapaq...

Komsomoldan icra başçılığına

Şahin Kərim oğlu Məmmədov 1959-cü ildə Bərdə şəhərində anadan olub. 1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxuyub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1975-1983-cü illərdə «Azelektromontaj» idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. Şahin Məmmədov 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib, 1992-1993-cü illərdə Maliyyə Nazirliyinin «Azəraudit» mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995- ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial – iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində çalışıb. Ölkə Prezidentinin 26 dekabr 2005-ci il tarixli sərəncamı ilə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ancaq onun icra başçısı kimi fəaliyyətini heç də uğurlu saymaq mümkün deyil. Hər halda cumhuriyyet.az olaraq rastlaşdığımız onunla bağlı indiyə qədər səsləndirilən ittihamlar və ortada olan faktlar belə düşünməyə əsas verir. Həmin faktlardan bir neçəsiylə tanış olmaq üçün bir qədər keçmişə ekskurs etmək lazım gəlir.
“Sənə 200 min manat verdim, pulumu qaytar”
Ağcabədi icra başçısı Şahin Məmmədovla bağlı apardığımız araşdırmalar zamanı rastımıza çıxan faktlardan biri bir neçə il öncəyə aiddir. Məlumata görə, Maliyyə Nazirliyi rayondakı səhiyyə müəssisələrində ciddi yoxlamalar keçirib və dərman preparatlarının alınması üçün ayrılan 200 min manat vəsaitin mənimsənildiyi ortaya çıxıb. Fakt aşkarlandıqdan sonra rayonun icra hakimi Şahin Məmmədovun əmri ilə Səhiyyə İdarəsinin müdiri Arif Quliyev vəzifəsindən azad edilib. Qeyd edək ki, A.Quliyev həm də YAP-ın rayon təşkilatının sədri olub. Hadisədən sonra iə səhər vəzifəsindən azad edilən A.Quliyev ictimaiyyətin gözü qarşısında icra başçısının yaxasından yapışaraq «Mən 200 min manatı hesabdan çıxarıb, sənə vermişəm. Pulumu qaytar» deyib. Orada olan şəxslərin müdaxiləsindən sonra A.Quliyevi sakitləşdirmək mümkün olub. Yalnız bundan sonra Şahin Məmmədov rayon icra hakimiyyətinin binasına gedib.

İdarə müdiri ilə qarşıdurma və ya yarımmilyonluq “razborka”

İcra başçısını ifşa edən daha bir rüsvayçı faktla tanış olaq. Belə ki, Ağcabədi rayon Yol İstismar İdarəsinin müdürü Vidadi Hüseynovun rayonun İcra başçısı Şahin Məmmədovun arasında qalmaqal və qarışıdurma yaşanmaqdadır. Belə ki, İcra Hakimiyyətində keçirilən toplantılardan birində İcra başçısı ilə idarə müdürü arasında açıq qarışıdurma baş verib. Qarşıdurma nəticəsində Şahin Məmmədovla Vidadi Hüseynov arasında baş verən söz atışmasından sonra, icra başçısı idarə müdürünü toplantıdan qovub. Sonra isə Şahin Məmmədov nə düşünübsə, Vidadi Hüseynovun geri çağırılmasını əmr edib. Bundan müddət əvvəl İcra başçısı Yol İstismar İdarəsinin müdürünü işdən azad edib və onun əvəzinə bir başqasını təyin etməyə cəhd edib. Lakin «Azəryolservis» ASC-də dayaqları olan Vidadi Hüseynov öz vəzifəsinin icrasını davam etdirib. Məlumatda iddia olunur ki, icra başçısı isə Vidadi Hüseynovu yenidən öz vəzifəsinə bərpa etmək üçün ondan külli-miqdarda pul istəyib. Belə ki, cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, sözügedən qarşıdurmadan əvvəl Şahin Məmmədov Vidadi Hüseynovu kabinetinə dəvət edərək, ondan Ağcabədidəki yolları kosmetik təmir etməyi və «yuyulan» pulların böyük hissəsini ona gətirməsini tapşırmasından sonra olub. Bu barədə daxil olan məlumatda bildirilir ki, Yol İstismar İdarəsinin müdürü başçının bu tələbinə etiraz edib. İstədiyini əldə edə bilməyən icra başçısı bundan sonra ümumrayon toplantısında Vidadi Hüseynova qarşı hücuma keçib və sonuncu bu hücumun qarşılığını verdikdə isə çarəni idarə müdürünü toplantıdan qovmaqda görüb. Yuxarıda da bildirildiyi kimi bir qədər sonra başçı öz fikrini dəyişdirərək idarə müdürünün geri çağırılmasını əmr edib. Məlumatda göstərilir ki, İcra başçısını qəzəbləndirən əsas məsələ Vidadi Hüseynovun ona qarşı saymamazlıq nümayiş etdirməsi və əldə etdiyi gəlirləri icra başçısınıdan gizlətməsidir. Belə ki, təkcə son bir ildə guya Ağcabədi yollarına sərf olunan 500 000 mant vəsait itə-bata düşüb. Təbii ki, bu yağlı tikədən icra hakimiyyətinin başçısı Şahin Məmmədovda öz payını almaq istəyir. Amma hələlik başçının buna nail ola bilmədiyi bildirilir.

“Boru əməliyyatı” və 300 min dollarlıq qazanc

Şahin Məmmədovun adı eyni zamanda qalmaqallı «boru əməliyyatı» ilə bağlı da hallanıb. Belə ki, cumhuriyyet.az olaraq aşkarladıq ki, mətbuatda Ağcabədinin icra başçısı Şahin Məmmədov Qarqar çayından rayon mərkəzinə axan suyun borularını çıxararaq satması barədə məlumat verilib. Bu faktı qəzetlərə ötürən mənbənin sözlərinə görə, uzunluğu 18 km olan borunun böyük bir hissəsi satılıb. Yalnız kiçik hissəsi qalıb ki, icra başçısı onları sata bilmir. Bunun səbəbi isə rayon sakinlərinin Şahin Məmmədova təpki göstərməsidir. Qarqardan Ağcabədinin mərkəzinə kimi uzanan 18 km-ə qədəri çuqundan ibarətdir. 1 çuqun borunun uzunluğu 4,20 metr, çəkisi 534 kq-dır. Bu isə o deməkdir ki, bu rəqəmi də 15-dəfə yüksəldəndə 3750 ədəd çuqun boru edir. 15 km-lik çuqun borunun ümumi çəkisini tapmaq üçün isə sonuncu rəqəmi bir borunun çəkisinə, yəni 534 kq-a vuranda 2 002 500 kq – 2002.5 ton edir. 1 ton çuqunun qiyməti ən aşağı hesabla götürsək, 165 dollardır. Bunun cəmi isə 330330 dollara gəlib çıxır. Beləliklə də Şahin Məmmədov «boru əməliyyatı» nəticəsində külli miqdarda gəlir əldə edib. Deməli, Şahin Məmmədov “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” prinsipini işə salaraq oturduğu yerdə 300 min dollardan artıq pul əldə edir. Hələ biz alınan qiymətin üstünə yerdə qalan 3 km-lik borunun məbləğini gəlmirik. Bunu da qeyd etsək, ortaya fantastik rəqəm çıxacaq.

Rayonda və paytaxtda biznes şəbəkəsi: obyektlər və…

Ağcabədi rayon sakinlərinin araşdırılmasını tələb etdiyi məsələlərdən biri də icra başçısına mənsub olduğu iddia edilən ticarət, xidmət və istehasalat obyektlərinin vergidən yayınması ilə bağlı məqamlardır. Bununla bağlı da cumhuriyyet.az olaraq media və internet resurslarında yer alan məlumatlar əsasında apardığımız araşdırmalar zamanı ilginc iddialara rast gəldik. Belə ki, rayon sakinlərinin mediada yayılan müraciətlərində qeyd edilir ki, Ağcabədi şəhərində xəstəxana ilə üzbə-üz ərazidə yerləşən böyük mağazalar, həmin ərazidə maşın yuma sexi, Ənnağı Bunyatov küçəsində böyük mebel mağazası, həmin küçədə maşınyuma və iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexi icra başçısı Şahin Məmmədova məxsusdur. Bundan başqa rayon sakinləri icra başçısını Alman qəsəbəsinin yerinin 5 hektarını rəsmiləşdirib,ələ keçirməkdə, yerdə qalan ərazsini də icarə adı ilə öz nəzarəti altına almaqda ittiham edirlər. Ağcabədililər iddia edirlər ki, adları sadalanan bu obyektlər icra başçısı Şahin Məmmədovla onun birinci müavini Rövşən Əhmədova məxsus ticarət, iaşə, isteahsal və heyvandarlıq təsərrüfatının yalnız bir qismidir. (Yeri gəlmişkən Rövşən Əhmədovla bağlı da redaksiyamıza ilginc məlumatlar daxil olub. İddialardan belə məlum olur ki, cənab Əhmədovun hazırki vəzifəyə sahib olması müəyyən qanunlara ziddir. Necə? Qarşıdakı günlərdə bu məlumatları dəqiqləşdirib geniş yazacağıq). Bundan başqa iddialara görə, doğulduğu Bərdə rayonunda 400 hektar torpaq sahəsi içində böyük təsərrüfatı, Bərdə şəhəri çay qırağı ərazisində bir neçə market, 1 çayxana, Bakı şəhərində Qaraçuxur, Masazır qəsəbəsində dəyəri milyon mantalarla ölçülən villalar, Nizami rayonu ərazisində 2 mağaza Şahin Məmmədova məxsusdur.

Batumdakı dəbdəbəli villa, Bakıdakı mənzillər, Qax, Qəbələ, Şamaxı və Quba rayonlarındakı imarətlər

Şahin Məmmədov dövlət büdcəsindən oğurladığı para hesabına Gürcüstanın Batumi şəhərində dəyəri 1 milyon dollar olan dəbdəbəli villa tikdirib. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı öyrəndik ki, icra başçısı villanın tikintisinə nəzarəti yaxın qohumlarından birinı tapşırıb. Məhz həmin yaxın qohum icra başçının villasının tikilməsinə görə, 4 aydan çox Batumi şəhərində qalıb. Şahin Məmmədovun turizm şəhərindəki villası üçün sadəcə 60 sot torpaq sahəsinə 70 min dollar pul ödədiyi qeyd olunur. İnformasiya mənbəmiz bildirir ki, Şahin Məmmədov Batumidə tikdirdiyi villanı keçən ilin ortalarında Ağcabədi şəhərinin mərkəzi küçələrinin aqlaylanması əməliyyatından əldə etdiyi külli miqdarda qazancdan sonra tikməyə başlayıb. Belə ki, rayonun Alman qəsəbəsinin yerində icra başçısına məxsus beton zavodu və aqlay sexi fəaliyyət göstərir. Ağcabədi şəhər küçələrinin aqlaylanamsında məhz icra başçısının sexinin malları istifadə olunub. Məlumatda bildirilir ki, 1 kvadrat aqlayın istehsalının maya dəyəri çox ucuz başa gəlsədə Şahin Məmmədov sənədləşdirmələrdə qiymətləri azı 10 dəfə şişirdib. O da bildirilir ki, Şahin Məmmədov həyata keçirdiyi abadlıq, tikinti maxinasiyalarını Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyevin əli ilə həyata keçirir. Xatırladaq ki, Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyev rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əli Əliyevin oğludur və icra başçısının bütün yeyinti əməliyyatlarında iştirak edən kilid şəxslərdən biridir. Mediada icra başçısının mənzil və villa varidatı haqda məlumatlar bununla yekunlaşmır. Bildirilir ki, Yasamal rayon Nərimanov heykəlinin arxasındakı binalarda yüksək təmir olunmuş 3 mənzil, Qax, Qəbələ, Şamaxı və Quba rayonlarında özünə, həmçinin qardaşlarına məxsus imarətlər, “Vasmoy” kilometr deyilən ərazidə 2 avtomobil sexi, Lider televiziyasının arxasındakı binalarda isə 4 mənzil Şahin Məmmədova məxsusdur.
***
Təəssüflər olsun ki, bütün bu sadalananlar Ağcabədidə baş verən maxinasiyaların yalnız kiçicik bir hissəsidir. Hələ bizə bəlli olmayan neçə-neçə qanunsuzluqlar mövcudur ki, onlar haqda da sizlərə gələcəkdə daha ətraflı məlumat verməyə çalışacağıq.
Oxşar xəbərlər