Рейтинг@Mail.ru
Oxunub : 563 | Tarix : 26-06-2016, 13:12 | Bölmə: Flash

Aktobedə yandırılan fitil –Asiyanın partlayışı Qazaxıstandan başlayır? - TəhlilAktobe (keçmiş Aktyubinsk) şəhərində baş verən terror hadisəsi nəinki Qazaxıstanı, hətta bütün Avrasiya məkanını belə silkələdi. Ekspertlər baş verənlərin arxasında məqsədləri daha geniş məkanda qarışıqlıq salmaq olan dairələrin mövcud olduğu qənaətindədirlər. Onlar xaricdə yerləşir, lakin yavaş-yavaş Mərkəzi Asiya ölkələrinə sirayət edirlər. Burada mütəxəssislər əsasən İŞİD-i nəzərdə tuturlar. Suriya və Liviyada olduğu kimi, burada da sosial-iqtisadi problemlərdən istifadə edərək üsyan əhval-ruhiyyəsi yaratmağa çalışırlar. Konkret olaraq Aktobedə torpağın xaricilərə icarəyə verilməsi bəhanə edilib. Maraqlıdır ki, Rusiya həmin ərazidə icarəyə götürdüyü torpaqların xeyli hissəsini qaytarıb. Hədəfdə isə əsas olaraq Çindir. Etirazçılar çinlilərin ölkəni zəbt edəcəklərini bəhanə kimi göstərirlər. Hazırda Qazaxıstanda nisbi sakitlikdir, lakin bunun aldadıcı olduğunu düşünənlər az deyil.



Aktobe terroru: sosial və geosiyasi səbəbləri haqqında



Hələ xeyli əvvəl ekspertlər və siyasilər terror dalğasının Mərkəzi Asiyaya sıçraya biləcəyi haqqında proqnozlar verirdilər. İŞİD-in həmin regionda fəallaşacağından bəhs edilirdi. Bunun üçün terror təşkilatının Əfqanıstandan keçməklə Mərkəzi Asiyaya sızacağı təxmin edilirdi. Statistik göstəricilər də artıq həmin bölgədə radikal dini qrupların yuva saldığını təsdiqləyirdi. Deyəsən, artıq ekspertlər prosesin başladığını etiraf etməli olacaqlar.

Qazaxıstanın Aktobe şəhərində qəfil baş verən terror hadisəsi beyinləri qarışdırdı. Bu yaşayış məntəqəsi ölkənin şimal-qərbində yerləşir. Həmin bölgədə daha çox ruslar yaşayırlar. Terror hadisəsindən iki gün sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Qazaxıstanın müdafiə naziri İmanqali Tasmaqambetov arasında keçirilən görüşdə həmin ərazidə Moskvanın icarəyə götürdüyü torpaqların Astanaya qaytarılması haqqında razılıq əldə edildi. Arayış üçün deyək ki, söhbət Aktobedə yerləşən "Emba" hərbi-təlim düşərgəsinə bağlı olan 300 min hektar əkin-biçin üçün yararlı olan sahədən gedir.

Aktobe keçmiş Aktyubinsk şəhəridir. Burada Rusiyanın icarəyə götürdüyü xeyli ərazi var. 2016-cı ilin fevralında Vladimir Putin icarəyə götürdükləri torpaqların azaldılması haqqında sərəncam verib. Ümumi sahəsi 2 milyon hektar olan torpaq Qazaxıstana qaytarılıb. Bununla Rusiya icarə haqqını 18 milyon dollardan 16 milyona endirib (bax: Шойгу вернул землю Актобе / "Эксперт Online", 8 iyun 2016).

Ekspertlər Rusiyanın niyə Aktobedə terror hadisəsi baş verəndən sonra bu addımı atdığını izah etməyə çalışırlar. Bunun üçün Qazaxıstanda son zamanlar baş verən bir sıra proseslərə nəzər salmaq gərəkdir.

Əvvəlcə onu deyək ki, Aktobedə terrorçular hərbi hissəni ələ keçirməyə cəhd göstəriblər. Onlar öncə bir silah mağazasına hücum ediblər. Orada müqavimətə rast gəlməyiblər, lakin adamlar hüquq-mühafizə orqanlarına xəbər verə bilib. Sonra terrorçular xüsusi təyinatlıların yerləşdiyi hərbi hissəyə yük avtomobili ilə darvazanı taran edərək daxil olublar. Xoşbəxtlikdən orada əsgərlər terrorçuları dayandıra biliblər. Sonrakı mərhələdə isə hücum edənlərin hamısı zərərsizləşdirilib (bax: Все участники терактов в Актобе нейтрализованы и задержаны / "РИА Новости", 12 iyun 2016).

Prezident Nursultan Nazarbayev terrorun arxasında sələfilərə (İslamın sünni məzhəbinə aid qanadı) məxsus qüvvələrin dayana biləcəyi haqqında fikir bildirib. Konkret deyilsə, Astana İŞİD və ona yaxın dini qrupları günahlandırıb. Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda göstərilir ki, "hadisəni qeyri-ənənəvi radikal dini cərəyanlar törədiblər" (bax: Личности всех преступников, причастных к нападениям в Актобе, установлены / "РИА Новости", 7 iyun 2016).

Ancaq hadisənin təşkilində ittiham edilənlərin sırasında Rusiya meylli iş adamı Toxtar Tuleşevin olması müəyyən suallar yaradıb. Həmin biznesmen rus mədəniyyəti və dilinin daha geniş yayılması tərəfdarı kimi tanınır. Bu səbəbdən Aktobedə real olaraq nələrin baş verdiyi haqqında nəticə çıxarmaq bir qədər tezdir. Onu vurğulayaq ki, rəsmi Moskva Aktobe hadisələrini Qazaxıstanın daxili işi adlandırıb və onunla sərhəddə əlavə heç bir təhlükəsizlik tədbiri görmədiyini deyir. Rusiyalı ekspertlər isə daha ehtiyatlı fikirlər söyləyirlər.

kazak-boru-hatti

Liviya, Suriya və… Qazaxıstan: təsadüf, yoxsa zəncirvarı proses?



Onlar hesab edirlər ki, Aktobe hədəf kimi təsadüfən seçilməyib. Orada fərqli millətlərin nümayəndələri yaşayır və bu səbəbdən aranı qatmaq daha asandır. Başqa tərəfdən, terror törədənlərin daha uzağa gedən hədəfləri vardır. Onlar bütövlükdə Avrasiya məkanında xaos yaratmaq məqsədi güdürlər. Konkret olaraq hadisələrə Aktobedən başlamaq isə hazırda orada mövcud olan sosial-siyasi və iqtisadi vəziyyətlə bağlıdır.

Ekspertlər həmin aspektdə diqqəti ona çəkirlər ki, Aktobedə terrorçuların hərəkəti ilə Liviyada qarışıqlığın başlaması üçün istifadə edilən ssenari tamamilə eynidir. Belə ki, Liviyada da kənardan göndərilmiş bir qrup terrorçu silah mağazasına hücum edib, sonra hərbi hissəni zəbt edərək, bütün ölkəni xaosa sürükləmişdilər. Qazaxıstanda bu ssenari hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində sona qədər baş tutmadı (bax: Террористы в Актобе: попытка взорвать Евразию из Казахстана / "РИА Новости", 6 iyun 2016).

Terrorçuların məhz Aktobeni seçməsinin səbəbləri sırasında analitiklər onu göstərirlər ki, bu şəhər mərkəzdən uzaqdır, yaxınlıqda kifayət qədər hərbi qüvvə yoxdur, müxtəlif magistral yollarının kəsişməsində yerləşir, dəmiryolu infrastrukturu yaxşı vəziyyətdədir və Rusiyanın Orenburq vilayətindən cəmi 300 kilometr məsafədədir. Deməli, oradan müxtəlif istiqamətlərə – həm Qazaxıstanın regionlarına, həm də Rusiyaya doğru hərəkət etmək imkanı çoxdur. Buradan belə nəticə çıxarılır ki, əsas hədəf Rusiya və Çindir! (bax: əvvəlki mənbəyə).

Sual oluna bilər ki, Çinin buraya nə aidiyyəti var? Ekspertlər vurğulayırlar ki, bütün məsələ Astananın torpaqdan istifadənin liberallaşdırılması istiqamətində atdığı addımlarla əlaqəlidir. Yeni qanunlara görə, əcnəbilər Qazaxıstanın əkin-biçin üçün yararlı torpaqlarını 25 illiyə icarəyə götürə bilərlər. O cümlədən çinlilərə torpaqlar verilir. Bu proses başlayan kimi, narazılıqlar baş qaldırıb. Bir sıra ekspert hesab edir ki, Çin bu üsulla Qazaxıstanı iqtisadi olaraq zəbt edəcək. Hazırda orada liviyalılar, çinlilər, ruslar və başqa ölkələrdən olan fermerlər çalışırlar. Ancaq hədəf kimi nədənsə Çin göstərilir.

Buna cavab olaraq Nursultan Nazarbayev torpaq məsələsində daha ehtiyatlı olmağı nəzərdə tutan hüquqi addımlar atıb. Lakin buna baxmayaraq, etirazlar davam edir. Son məlumatlara görə, ölkənin cənubunda yerləşən Taraz şəhərində silahlı toqquşma olub. Bir neçə gənclə polis arasında atışma baş verib. Rəsmi məlumata əsasən, onlar radikal dini qrupun üzvləri deyillər (bax: В Таразе произошла перестрелка молодых парней с полицейскими / "ZhambylNews", 19 iyun 2016).

Əgər Qazaxıstanda vəziyyəti xaosa sürükləmək mümkün olsa, bütün Avrasiya məkanında problemlər meydana çıxacaq. İlk növbədə ekspertlər Rusiya-Çin, Çin-Avropa xətti üzrə tranzit əlaqələrinin kəsiləcəyini vurğulayırlar. Bununla da Avrasiya İqtisadi İttifaqı (Aİİ), "Yeni İpək Yolu"nun şimal qanadı, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi layihələr pozula bilər. Bu da Qərbin Trans-atlantik və Trans-sakit okean layihələrinin rəqabətsiz reallaşması üçün imkanlar deməkdir (bax: Террористы в Актобе: попытка взорвать Евразию из Казахстана / "РИА Новости", 6 iyun 2016).

Beləliklə, Liviyadakı üsyan Şimali Afrikanı, Suriya hadisələri Yaxın Şərqi qeyri-sabitliyə sürüklədiyi kimi, Qazaxıstandakı üsyan da Avrasiyada xaos yaratmalıdır. Etiraf edək ki, çox təhlükəli plandır. Nəticədə, böyük bir ərazidə qeyri-sabit geosiyasi vəziyyət və silahlı toqquşmalar meydana gələ bilər. O cümlədən terror Rusiyanın cənub sərhədlərindən daxilə doğru irəliləyə bilər. Şübhəsiz ki, bundan Cənubi Qafqaz da ciddi zərər görə bilər. Burada terroru alovlandırmaqda maraqlı olan dairələr mövcuddur. İlk növbədə Ermənistan vəziyyətin qarışmasını arzulayır ki, "bulanıq suda balıq tutmaqda" davam etsin. Bu səbəbdən, ekspertlərin də hesab etdiyi kimi, Aktobe hadisələrinə barmaqarası baxmaq doğru deyil. Terror gözlənilmədən və daha təsirli surətdə yenidən zərbə endirə bilər. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev demişkən, "bu, yeni qlobal reallıqlar şəraitində millətin mürəkkəb şərtlər altında yaşaya bilməsi məsələsidir"!
Oxşar xəbərlər