Рейтинг@Mail.ru
Tarix : 12-01-2017, 13:54 | Bölmə: gundem, redaktor, banner

MTN işi Müdafiə Sənayesi Nazirliyinə sıçradıNazir Yavər Camalovu çətin sullar gözləyir
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli məmurlarının cinayət xarakterli əməlləri ilə bağlı istintaq zamanı üzə çıxan məlumatlar "MTN işi”nin ayrı-ayrı dövlət qurumlarını da sıçradığını göstərir. Belə ki, "Bakı Tikinti”, "Alfa”adlı Məhdud Məsuliyyətli Cəmiyyətlərin faktiki sahibi olmuş, hazırda isə özünün dediyi kimi "Fazenda” adlı MMC-ni işlədən Seyfullayev Kamal Məmmədağa oğlu ilə bağlı epizod "MTN işi”nin daha bir dövlət qurumuna sıçradığını göstərir. İstintaq materiallarından məlum olur ki, general Sübahir Qurbanovun əmri ilə onun müavini Füzuli Əliyev və Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Seyfullayevi tutaraq onun şirkətlərinin bank hesablarından 2 milyon manat vəsaiti nəğdləşdirib və ələ keçiriblər. İş adamının ifadəsinə görə, MTN-çilər onu 2014-cü il dekabrın sonlarında, axşam saat 19 radələrində Bakının Səməd Vurğun bağı yaxınlığındakı "Niaqara” restoranının yaxınlığında bibisi oğlu İlkin İbadovla birlikdə "Niva” avtomobilində olarkən saxlayıblar. Əməliyyatı Füzuli Əliyev özü keçirib. Sabiq MTN-çilər heç bir izahat vermədən Seyfullayevi və bibisi oğlunu tutub MTN-ə aparıblar. Orada isə ona tutulmasının səbəbini bildiriblər: "Bizneslə məşğul olursan, külli miqdarda pul qazanırsan, deməli, bizə də verməlisən”. Və dərhal da "məzənə”ni müəyyən edərək 2 milyon manat verməsini, əks halda isə həbs olunacağını bildirib. Bibisi oğlu İlkin İbadovla birgə MTN-də saxlanılan Seyfullayev nəhayət ki tələb olunan 2 milyon manatı verməyə razılaşır. Onları MTN-dən buraxırlar.İki gün sonra MTN-çilərin müşaiyəti ilə "Texnikabank”a gedir, orada şirkətlərinin bank hesablarından 2 milyon manat çıxararaq Füzuli Əliyevə verir.İstintaq zamanı Füzuli Əliyev Kamal Seyfullayevlə üzləşdirmədən imtina edib. Natiq Alıyev isə Seyfullayevin saxlanılması və "Xəzər” filialından pulların çıxarılması əməliyyatında iştirakını təsdiqləyib. Seyfullayevin bibisi oğlu İlkin İbadovun ifadəsində isə deyilir ki, "Bakı Tikinti” MMC və "Alfa” MMC şirkətlərinin direktoru olub, ayda cəmi 500 manat məvacib alırmış. İşi-gücü isə bu şirkətlərin hesablarından onun adına köçürülmüş pulları nəğdləşdirərək qohumuna verməkdən ibarət idi. "Texnikabank”ın "Xəzər” filialının müdiri (Mahmudovçu qruplaşmanın kadrı) Fərid Məmmədov isə ifadəsində deyib ki, Kamal Seyfullayev bankın VİP müştərisi idi, hesablarına həmişə böyük məbləğlərdə pullar köçürülürdü. 2014-cü il dekabrın 24-27-i aralığında Seyfullayevin 4-5 şirkətinin bankdakı hesabına külli miqdarda pullar köçürülür. Seyfullayev pulları hesabdan çıxarmaq üçün ona müraciət edib. Filial rəhbəri bankın baş idarəsinə sifariş göndərərək 18 milyon manat nəğd pul göndərilməsini sifariş verib. Pullar gəldikdən sonra Seyfullayev yenidən banka gəlib, 12 milyon manatı nəğd götürüb, qalan 6 milyon manatı özünün şəxsi bank hesabına ötürüb. 12 milyon manat 3 bank kisəsinə doldurulub və Seyfullayevə verilib.İki gün sonra Seyfullayev yenidən bu dəfə MTN-çilərin müşaiyəti ilə banka gəlir. Filial müdirinin istintaqa verdiyi ifadəyə görə, MTN-çilərdən Natiq Alıyev ona "MTN-in nəzarəti ilə bank əməliyyatı aparılacaq” deyib. Füzuli Əliyev Kamal Seyfullayevlə birlikdə filial müdirinin otağına daxil olur və "Bu adamın bank hesablarından külli miqdarda nəğd pul çıxarılması qeydə alınıb, əməliyyat aparılacaq”-deyir. Seyfullayevin hesablarından həmin 6 milyon manat çıxarılır, pulun 4.2 milyon manatını naməlum şəxs, qalanını Füzuli Əliyev götürür. Belə məlum olur ki, 4.2 milyon manatı götürən nəməlum şəxs Müdafiə Sənayesi Nazirliyinin vəzifəli şəxsi olub. Burana isə məlum olur ki, Seyfullayevin MMC-lərinin hesablarına 18 milyon manatı (təkcə bir epizodda) köçürən dövlət təşkilatı Müdafiə Sənayesi Nazirliyi imiş. Hansı ki, həmin puldan 2 milyon manatını ləğv edilmiş MTN-nin vəzifəli şəxsləri "haqq” kimi alıblar.

İndi isə cəmiyyəti bəzi suallar narahat edir. Birinci sual ondan ibarətdir ki, Müdafiə Sənayesi Nazirliyi ilə Seyfullayevi, onun MMC-ləri nə bağlayıb?

İkinci sual, bankdan 4.2 milyon manat nəğd pul götürən şəxsin kimliyi ilə bağlıdır. Bu şəxsin həmin pulları niyə aldığı, hara apardığı cavabsız sual olaraq qalır.

Üçüncü sual isə ləğv edilmiş MTN-nin yüksək vzəifəli şəxslərinin ələ keçirdikləri pullarla bağlı Müdafiə Sənayesi Nazirliyinin rəhbər şəxslərinin dövlər orqanlarına, ilk növbədə isə hüquq-mühafizə orqanlarına müraciət edib, etməməsi ilə bağlıdır. Əgər etməyiblərsə, deməli cinayəti bilsələr də onu gözlədiblər. Bu isə əlavə məsuliyyət doğurur. Ancaq bu gün üzə çıxarılmalı olan məsələ ölkənin müdafiəsini gücləndirmək məqsədilə dövlət büdcəsindən Müdafiə Sənayesi Nazirliyinə ayrılan pullarla bağlıdır.

"Yeni Sözçü” qəzetinin "Araşdırma Qrupu” bununla bağlı araşdırmalar aparır və yaxın saylarımızın birində əldə etdiyi məlumatları oxucularımızla bölüşəcək. Araşdırma çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinin də mövqeyini öyrənməyə çalışacağıq.

"Yeni Sözçü” qəzetinin "Araşdırma Qrupu”
hurriyet.org
Oxşar xəbərlər