Рейтинг@Mail.ru
Oxunub : 872 | Tarix : 12-07-2016, 10:28 | Bölmə: siyaset

Prezident İlham Əliyev: "Biz böhran şəraitində inkişaf edirik"


"Valyuta gətirən sahələrdən biri də turizmdir. Biz burada da çox böyük nəticələr gözləyirik".
"Report” xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, son illər ərzində Azərbaycanın dünyada tanıdılması istiqamətində çox böyük işlər görülüb: "Azərbaycanda dünyanın diqqətini cəlb edən beynəlxalq tədbirlər keçirilir. Misal üçün, bu il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Dünya miqyaslı tədbirdir. Bir neçə il bundan əvvəl “Eurovision”, keçən il Avropa Oyunları böyük marağa səbəb olub. Yəni, Azərbaycanı artıq tanıyırlar. Əlbəttə ki, ölkəmizin tanıdılmasında Formula-1 yarışının xüsusi yeri var. Çünki bu yarışın auditoriyası 500 milyon insandır. Formula-1 yarışı futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarının səviyyəsində olan tədbirdir, onlardan geri qalmır. Əgər dünya çempionatı və Olimpiya Oyunları bir şəhərdə bir dəfə keçirilirsə, yaxud da ki, indi bəlkə də əlli ildə iki dəfə keçirilirsə, Formula-1 yarışı Azərbaycanda ən azı bundan sonra dörd il keçiriləcək. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bu, şəhər yarışıdır və Bakının gözəlliyi 500 milyon insan üçün artıq təqdim olunub".

Prezident qeyd edib ki, bu, turizmin inkişafına çox böyük təkan verəcək və verməlidir: "Biz də buna hazır olmalıyıq. Bu tədbirləri biz keçiririk. Ölkəmizi dünyada tanıtdırmaq üçün tədbirlər görülür. Biz vizalarla bağlı problemləri də bu yaxınlarda aradan götürmüşük. “ASAN viza” xidməti yaradılır. Üç gün ərzində Bakıya turist kimi gəlmək istəyən heç bir maneəsiz, problemsiz və başqa bir iddiasız vizanı alıb gələcək.

Əsas məsələ turizm sənayesini yaratmaqdır - həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün. Bizim gözəl iqlimimiz, yay aylarında Xəzər sahili, qış aylarında dağlar, xizək kurortları var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki Bakıda, bütün bölgələrdə müasir infrastruktur, otellər, yollar var. Ona görə bu istiqamətdə görüləsi işlər hələ çoxdur".

Dövlət başçısı vurğulayıb ki, bu ilin əvvəlindən infrastruktur layihələri icra edilir: "Qeyd etməliyəm ki, magistral yollarda işlər gedir. Gəncə-Gürcüstan sərhədi yolu dörd zolağa çevrilir. Genişlənmə işləri gedir. Bu il Rusiya sərhədinə qədər magistral yolda böyük işlər görülməlidir. Bizim qurumlar çalışmalıdırlar ki, bu yolu da başa çatdırsınlar. Bakı-Şamaxı yolunun dörd zolağa çevrilməsi prosesi gedir və Bakı-İran sərhədi magistral yolunda da tikinti işləri davam edir.

Bununla bərabər, kənd yollarının tikintisi çox sürətlə aparılır. Bu məqsədlər üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb. Təxminən 60-70 kənd yolu layihəsi o cümlədən Bakı qəsəbələrində icra edilir və ediləcək. Bunun da çox böyük təsiri olacaq. Həm infrastruktur yaradılır, həm də iş yerləri. Bu layihələrdə on minlərlə insan işlə təmin edilir. Bu proses gələn il də davam etdiriləcək. Artıq yəqin ki, bir neçə aydan sonra gələn ilin layihələri mənə təqdim edilməlidir.

İçməli su layihələrinin icrası bütün ölkəmizdə aparılır. Bir çox rayonlarda artıq bu, həll olunub. Hər bir rayon mərkəzində içməli su və kanalizasiya layihəsi tam icra edilməlidir.

Qarşımızda duran əsas vəzifələr bundan ibarətdir. Mən bir daha demək istəyirəm ki, 2016-cı ilin birinci yarısının yekunları məni qane edir. Biz böhran şəraitində inkişaf edirik. Əsas məsələ ondan ibarətdir ki, bizim hər bir sahədə çox aydın proqramlarımız var. Hələ bir çox sahələr var ki, sadəcə olaraq, vaxt yoxdur bu barədə danışım. Amma hər bir sahədə konkret proqramlar var. Amma gələcək fəaliyyətimiz üçün əsas sənaye istehsalı və kənd təsərrüfatıdır. Əminəm ki, verdiyim bütün tapşırıqlar yerinə yetiriləcək, biz bu ili də uğurla başa vuracağıq".
Oxşar xəbərlər